AZƏRBAYCANDA TOLERANTLIQ MÜHİTİNİN YARADILMASINDA ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN ROLU

Şeyxülislamlıq institutunun yaranma tarixinin kökləri çox qədimlərə gedir və uzun tarixi dövrü əhatə edir. İslam rəhbəri və ya ağsaqqalı mənasını özündə ehtiva edən "şeyxülislam" adı fəqihlərə, ilahiyyatçılara və ali ruhani xadimlərə verilən fəxri titul idi.

Cənubi Qafqaz müsəlmanlarına dini rəhbərliyi həyata keçirmək üçün 1823-cü ildə Tiflis şəhərində dini rəhbər - şeyxülislam vəzifəsi təsis edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, artıq XX əsrin əvvəllərindən Cənubi Qafqazın bütün müsəlmanlarına rəhbərlik edən dini lider fəaliyyətini Bakı şəhərindən davam etdirməyə başlamışdı. Yarandığı gündən bu günə kimi 12 şeyxülislam olmuşdur. 12-ci şeyxülislam Allahşükür Paşazadə 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və şeyxülislam dərəcəsinə yüksəlmişdir. İslam tarixinin mahir bilicilərindən olan şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi olmaqla yanaşı, həm də dövlət - din münasibətlərinin formalaşması, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasında əvəzsiz xidmətlər göstərir. Onun mövqeyi, əsasən, dinin cəmiyyətdəki rolunu, dini tolerantlıq və müxtəlif konfessiyaların birgəyaşayışını vurğulamaq üzərində qurulub.

Ulu öndər Heydər Əliyevin şeyxülislamın bu fəaliyyəti barədə aşağıdakı fikirləri onu bariz şəkildə səciyyələndirir: "Respublikamızda müxtəlif konfessiyalar arasında dini dözümlülük, dostluq və əməkdaşlıq ab-havasının hökm sürməsində də Sizin əməyiniz vardır. Bu sahədə gördüyünüz işlər, digər konfessiyaların rəhbərləri ilə birgə fəaliyyətiniz Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasına xidmət edir... Siz dini-ictimai xadim kimi beynəlxalq aləmdə də böyük nüfuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyətiniz təqdirəlayiqdir. Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyalaları islam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır".

Respublikamızda müxtəlif konfessiyalar arasında dini anlaşma, dostluq və əməkdaşlıq ab-havasının hökm sürməsində şeyxülsilam Allahşükür Paşazadənin gördüyü işləri, digər konfessiyaların rəhbərləri ilə birgə fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev isə bildirirdi: "...Bu gün ölkəmizin dünyada tolerantlıq örnəyi kimi tanınmasında və Azərbaycanın Qafqazda mənəvi mərkəz olaraq qəbul edilməsində Sizin müstəsna xidmətləriniz vardır... Çoxillik uğurlu fəaliyyətiniz, dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərdə, konfessiyalararası münasibətlərin tənzimlənməsi sahəsində yüksək fəallığınız, dini-mənəvi və bəşəri ideallara sadiqliyiniz Sizə, haqlı olaraq, həm ölkəmizdə, həm də xaricdə böyük hörmət qazandırmışdır. Bir çox beynəlxalq dini təşkilatlarda, nüfuzlu elmi-dini mərkəzlərdə Azərbaycanı layiqincə təmsil edirsiniz. Dini-ictimai xadim kimi Azərbaycan həqiqətlərini, Qarabağ probleminin və əsassız erməni iddialarının mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırır, bütövlükdə Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar olunmasında çoxsahəli fəaliyyət göstərirsiniz".

Vəzifəsinin icrasına başladığı ilk gündən bu vaxta qədər şeyxülislam Allahşükür Paşazadə bölgənin bütün müsəlmanlarının mənafeyini yüksək səviyyədə təmsil etmiş, hamının inam və rəğbətini qazana bilmişdir. Bu xidmətləri nəzərə alınaraq o, 2003-cü ildə keçirilən Qafqaz Müsəlmanlarının XI Qurultayında Qafqaz Müsəlmanları İdarəsinin ömürlük sədri seçilmişdir.