İslam dini bəşəriyyətin ən böyük üç səmavi dinindən biri olaraq tarix boyu müxtəlif coğrafiyalarda geniş bir mədəniyyət, sosial və siyasi struktur yaratmışdır. Bu din VII əsrdə Ərəbistan yarımadasında meydana çıxaraq qısa müddət ərzində Yaxın Şərq, Afrika, Asiya və hətta Avropa daxil olmaqla geniş ərazilərdə yayılmışdır.

İslamın Azərbaycana gəlişi və burada yayılması tarixi proseslərin bir hissəsi olaraq həm dini, həm siyasi, həm də mədəni təsirləri özündə birləşdirən mühüm bir hadisədir. Ərəb xilafətinin genişlənməsi ilə islam dini Azərbaycana daxil olmuş və zamanla əhalinin böyük bir hissəsinin əsas dini inancı halına gəlmişdir. Mərhələli şəkildə Azərbaycan ərazisində yayılmağa başlayan islam dini ilk dövrlərdə, əsasən, siyasi hakimiyyətin gücləndirilməsi və ərəb ordularının fəthləri ilə müşayiət olunsa da, zaman keçdikcə yerli əhali arasında qəbul edilməsi prosesi sürətlənmişdir. Bu din yeni sosial quruluş yaratdı və insanların həyat tərzinə, iqtisadi münasibətlərinə, mədəniyyətinə və hüquqi sisteminə təsir göstərdi.

İslamın yayılması prosesi siyasi və dini ziddiyyətlərlə müşayiət olunsa da, nəticədə Azərbaycan islam dünyasının əhəmiyyətli bir hissəsi halına gəlmişdir. İslamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, amma bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar. VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən birinci mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. VIII əsrin əvvəllərindən başlayan ikinci mərhələdə islamdan əvvəl burada mövcud olan bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəifləyir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Üçüncü mərhələ X əsrin I yarısını və XI əsrin ortalarını əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır, sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olur. Sufilik də özünə xeyli ardıcıllar tapır.

Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları-XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır, hürufilik güclənir. Altıncı mərhələ Səfəvilərin və XVI əsrdən etibarən Osmanlıların hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir, şiəlik dövlətin rəsmi ideologiyasına çevrilir. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar isə bu vaxtdan etibarən Azərbaycanda sünni hənəfi məzhəbini yaymağa çalışırlar.

XIX əsrin əvvəllərində Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən istila edildikdən sonra çar hökuməti tərəfindən dini sahədə bir sıra tədbirlər həyata keçirildi. İlk növbədə müsəlmanların dini həyatını nəzarətə götürmək məqsədilə ruhani idarələr təsis olunur. Müəyyən qanunlar qəbul edilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə islam dini ilə bağlı məsələlərə dövlət səviyyəsində diqqət yetirilir, islamı rasionallaşdırmaq, müasirləşdirmək meyilləri güclənir.

28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalı nəticəsində ölkədə sovet hakimiyyəti quruldu. Ateizm siyasəti yürüdən bolşevik-kommunist hakimiyyəti bütün dinlərlə, o cümlədən islamla mübarizə aparmış, nəticədə dini təsisatların fəaliyyəti dayandırılmış, müsəlman din xadimləri və alimləri təqiblərə məruz qalmış, ibadət yerləri və ziyarətgaların əksəriyyəti bağlanılmış və ya məhv edilmiş, məscidlər anbar və müəssisələrə çevrilmiş, müqəddəs kitablar yandırılmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra islamın cəmiyyət həyatında rolu yenidən artır. Dini tolerantlığın hakim olduğu mühitdə müxtəlif dini icmaların bir arada dinc, qarışlıqlı harmoniya şəklində yaşamasına başlanılır.