|
|
|
Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri Alban kilsəsi hesab edilir. Xristianlıq Azərbaycanda hələ apostol dövründə, rəvayətə görə, müqəddəs Həvari Varfolomey (o da burada şəhid olub) və yerli ənənəyə görə Albaniya Həvarisi adlandırılan Apostol Faddeyin şagirdi Yeliseyin təbliğ fəaliyyətindən sonra yayılmışdır. Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Ümumiyyətlə, alban ənənəsi xristianlığın yayılmasında bir-birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövr şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və Alban hökmdarı Urnayrın adları ilə bağlıdır. Çar Urnayr 313-cü ildə xristianlığı dövlət dini elan edir və IV ərsin ortalarından Alban kilsəsi aftokefal olur.
Erməni-qriqorian kilsəsindən fərqli olaraq Alban Apostol Kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub.
Sasani şahənşahlarının bölgədə apardıqları konfessional siyasətlə uyğunlaşmaq məcburiyyəti qarşısında qalan Alban Apostol Kilsəsi qısa müddət ərzində monofizit etiqadını qəbul etməyə məcbur qalsa da, əsrlər ərzində deofizit etiqadına sadiq qalmışdır. Ərəb işğalından sonra (VIII əsr) Albaniyada islam dini yayılmağa başlayır. Xəlifə Əbd-əl Malikin verdiyi fərmana görə Alban Apostol Kilsəsi özünün avtokefallığını itirir, iyerarxik baxımdan erməni-qriqorian kilsəsinə tabe edilir. Ərəb xilafətinin konfessional siyasətnin istiqamətlərini öz maraqları ilə uzlaşdırmağı əsas götürərək ermənilər, öz təbirincə, "xalkedonizmə" düşmüş alban ruhanilərini sıxışdırıb çıxarmağa başladılar. Nəhayət, 1836-cı ildə, XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsindən sonra I Nikolayın reskripti ilə Alban Katolikosluğu ləğv edildi və onun yerinə erməni kilsəsinin (Eçmiədzin Patriarxlığı) yurisdiksiyasında iki yeparxiya və vikariat yaradıldı.
Qeyd edək ki, Alban etnoslarından biri olan udinlər xristianlıq etiqadlarını günümüzə kimi qoruyub saxlayıblar. Onlar Azərbaycanın Qəbələ və Oğuz rayonlarında yaşayır və Alban Apostol Kilsəsinin tarixi ənənələrini uğurla yaşadırlar. 2003-cü ildə Robert Mobilinin rəhbərlik etdiyi Alban-udin xristian icması dövlət qeydiyyatından keçmişdir.
XIX əsrin əvvəllərindən rus əhalisinin Azərbaycana gəlməsi, Rus Pravoslav Kilsəsinin fəaliyyətə başlaması xristianlığın inkişafında yeni təkan yaratdı. İlk rus pravoslav kilsəsi 1815-ci ildə Bakıda inşa olunub, sonralar Gəncə, Şamaxı və başqa şəhərlərdə kilsələr tikilib. Sənayenin inkişafı və rus əhalisinin çoxlu axını ilə əlaqədar 1905-ci ildə Bakı vikariat yeparxiyası, 1919-cu ildə isə müstəqil "Bakı və Xəzəryanı" yeparxiyası təşkil edildi və bundan sonra yeparxiyanı idarə edən yepiskoplar "Bakı və Xəzəryanı" titulunu aldılar. DSovet dövründə ateist siyasətin nəticəsi olaraq kilsə həyatına da böyük zərbə vurulmuşdu. 1930-cu illərin ortalarında, demək olar ki, bütün pravoslav kilsələri dağıdıldı, qalanları bir-birinin ardınca bağlandı. Bundan əlavə, 1934-cü ildə Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu Mitrofanın (Polikarpov) ölümü ilə yeparxiya faktiki olaraq rəhbərsiz qaldı. 1936-cı ildə sonuncu kilsənin - Bakıdakı Arxangel Mixail kilsəsinin - bağlanması ilə kilsə həyatı 10 ilə yaxın dondu. Qeyd etmək lazımdır ki, repressiya xristian din xadimlərindən də yan keçməmişdir. Azərbaycanda xidmət etmiş keşişlərdən biri, 1937-ci ildə öldürülən İoann Qançev hazırda yeni şəhid kimi vəsf olunur.
1944-cü ildən Azərbaycan Respublikası ərazisində Rus Pravoslav Kilsəsinin Stavropol-Bakı yeparxiyasının tərkibinə daxil olan pravoslav kilsələri yenidən canlanmağa başladı. Rus Pravoslav Kilsəsinin kilsələrindən əlavə, ölkədə Gürcü Pravoslav Kilsəsinin yurisdiksiyasına daxil olan bir kilsə - ölkənin Qax rayonunun Qax-İngiloy kəndində yerləşən Müqəddəs Georgi kilsəsi var. İlk olaraq Bakıda Müqəddəs Məryəm Ananın Miladı kilsəsi, daha sonra 1946-cı ildə Bakıda Arxangel Mixail kilsəsi, həmçinin Xaçmaz və Gəncədəki pravoslav icmaları açıldı.
Azərbaycanın müstəqillik qazanması ilə ənənəvi konfessiyaların açıq şəkildə fəaliyyət göstərməsi üçün yenidən şərait yarandı. Azərbaycanda həyatın sabitləşdirilməsi kursu götürüldü və tolerantlıq cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində strateji əhəmiyyətli sahələrdən birinə çevrildi. Etnik və dini azlıqlara xüsusi diqqət yetirildi.
1998-ci il dekabrın 28-də Moskvanın və Bütün Rusiyanın patriarxı II Aleksinin və Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə, habelə Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəstəyi sayəsində Rus Pravoslav Kilsəsinin 128-ci yeparxiyası olan Bakı-Xəzəryanı yeparxiya bərpa olundu. O vaxta qədər Qafqazda, o cümlədən Azərbaycanda 20 ildən artıq xidmət etmiş arximandrit Aleksandr İşşein Bakı-Xəzəryanı yeparxiyanın yepiskopu seçilmişdir. Yenidən bərpa olunan yeparxiyaya Azərbaycan Respublikası və Dağıstan Respublikası ərazilərindəki pravoslav kilsələri daxil idi.
Müqəddəs Sinodun 22 mart 2011-ci il tarixli qərarı ilə Bakı və Xəzəryanı yeparxiya Bakı və Azərbaycan yeparxiyası adlandırılmış, əvvəllər Bakı yeparxiyasının tərkibində olan Dağıstan ərazisindəki kilsələr isə yeni yaradılmış Vladiqafqaz və Mahaçqala yeparxiyasının tərkibinə daxil edilmişdi.
Azərbaycanın pravoslav icmasının həyatından danışarkən 22 il ərzində dirçəldilmiş yeparxiyaya rəhbərlik etmiş arxiyepiskop Aleksandrın İşşeinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onun fəaliyyəti sayəsində yeparxiya Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrində təmsil olunub: ixtisaslaşmış şöbələr - sosial, nəşriyyat, gənclər, media, penitensiar müəssisələrlə əlaqələr və s. yaradılıb. Ölkədə dinlərarası dialoqun və millətlərarası birliyin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə arxiyepiskop Aleksandr İşşein Azərbaycan Respublikasının ali hökumət mükafatları - "Şöhrət" və "Dostluq" ordenləri ilə təltif edilib. Dövlətin böyük ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə arxiyepiskop Aleksandr Fəxri xiyabanda dəfn edilib.
Azərbaycanın pravoslav vətəndaşları Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə edirlər. Ölkənin bütün dini icmalarına dövlət tərəfindən bərabər münasibətin nümunəsi kimi 2013-cü ildə tikilmiş Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzini, habelə 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakıda pravoslav kilsələrində aparılan genişmiqyaslı tikinti, təmir və bərpa işlərini göstərmək olar.
Hazırda Bakı və Azərbaycan yeparxiyasına Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Xaçmaz və İvanovka kəndində yerləşən 8 kilsə daxildir. Bu kilsələrdən ikisi dövlət qeydiyyatına alınmağı gözləyir.
Hər kəsə açıq olan kilsələrdə hər gün ibadətlər edilir. Kilsə ənənəsinə uyğun olaraq Bakıda, Qız qalasının yaxınlığında əzab çəkən müqəddəs Apostol Varfolomeyin xatirəsi xüsusi təntənə ilə qeyd olunur. Hər il iyunun 24-də onun anım günündə Bakı yeparxiyasının bütün ruhanilərinin iştirakı ilə köhnə Bakının mərkəzində 1936-cı ildə dağıdılmış Apostol Varfolomey kilsəsinin bünövrəsi üzərində ilahi mərasim keçirilir.
|
|
|
|